Charles Dickens "A Christmas Carol"
Nəsrlə yazılmış Milad nəğməsi: Ruhlarla Yul hekayəsi (ing. A Christmas Carol. In Prose. Being a Ghost Story of Christmas) və ya daha çox "Milad nəğməsi" (ing. A Christmas Carol) — Çarlz Dikkens tərəfindən yazılmış povest-nağıl. Əsər ilk dəfə 1843-cü ildə Con Liçin orijinal illüstrasiyaları ilə Londonun "Chapman & Hall" nəşriyyat evi tərəfindən çap edilmişdir.
"Milad nəğməsi" əsərində yaşlı Ebenecer Skrucun başına gələn hadisələrdən bəhs olunur. Milad bayramı ərəfəsində Skrucun yanına əvvəlcə onun keçmiş iş yoldaşı Ceykob Marlinin ruhu, daha sonra isə Keçmiş, İndiki və Gələcək Milad bayramının ruhları gəlir. Daha əvvəl qəddar və deyingən olan Skruc, ruhların ziyarətindən sonra daha mehriban və zərif adama çevrilir.
Dikkensin "Milad nəğməsi"ni yazdığı dövrdə britaniyalılar Milad himnləri kimi köhnə ənənələrə yenidən baxır və Milad ağacı kimi yeni ənənələri mənimsəyirdilər. O, uşaqlığında yaşadığı bayram təcrübəsi, o cümlədən Vaşinqton İrvinq və Duqlas Cerrold kimi digər sənətkarların Milad nağıllarından ilhamlanmışdır. Povesti yazmazdan əvvəl Dikkens üç Milad hekayəsi yazmış, həmçinin Londonda nəzarətsiz uşaqlar üçün fəaliyyət göstərən məktəblərdən biri olan Fild-leyni ziyarətdən ilhamlanmışdır. Kasıblara qarşı münasibət, eqoist insanın səhvlərini düzəldərək daha hissiyyatlı fərdə çevrilməsi povestin əsas mövzusudur. Mövzunun tamamilə dünyəvi xarakter daşıması, yoxsa xristian alleqoriyası olması haqqında elm xadimləri arasında müzakirələr vardır.
19 dekabrda çap edilən əsərin ilk nəşri Milad axşamı satışa çıxarılmışdır; 1844-cü ilin sonuna kimi povest 13 dəfə təkrar nəşr edilmişdir. Tənqidçilərin əksəri povesti müsbət qiymətləndirmişlər. 1844-cü ildə povest Dikkensdən xəbərsiz nəşr edilmiş və o, nəşriyyatı məhkəməyə vermişdir. Sonrakı illərdə yazıçı daha dörd Milad hekayəsi yazmışdır. 1849-cu ildə yazıçı povesti ictimayət arasında oxumağa başlayır və layiə o qədər uğurla qarşılanır ki, 1870-ci ilə kimi 127 tamaşa təşkil edir. "Milad nəğməsi"nin ingilis dilində nəşri heç vaxt dayandırılmayıb və əsər bir çox dillərə tərcümə olunub; povest dəfələrlə digər mediaya uyğunlaşdırılmışdır.
Viktorian dövrünün ortasında Milad bayramlarının canlandırıldığı vaxtda meydana çıxan povest, həmin tarixi dövrün ruhunu əks etdirir. Dikkens Qərbi Avropa ölkələrinin Milad ənənələrindən ilhamlandığını etiraf edir, povest isə ailəvi görüşlər, mövsüm yemək və içkiləri, rəqslər, oyunlar, bayram hədiyyələri kimi bir çox ənənələrin meydana çıxmasına səbəb olmuşdur.